Türkiyə Super Liqasının 20-ci turunda lider "Fənərbağça" səfərdə "Qaziantep" ilə üz-üzə gəlib.
Zirvədəki mövqeyini qorumaq uğrunda inamlı mübarizə aparan İstanbul klubu ilk hissədə ciddi müqavimətlə üzləşib. İsmail Kartalın futbolçularının cəhdləri nəticə verməyib. Fasilədən sonra qonaqlar hesabı açmaq üçün əla fürsət əldə edib. 50-ci dəqiqədə hakim "Qaziantep"in qapısına penalti təyin edib. Lakin Super Liqanın ən sərrast futbolçusu Edin Dzeko fürsəti dəyərləndirə bilməyib. Qalan vaxta hücumlarını artıran "Fənərbağça" 81-ci dəqiqədə istəyinə nail olub. Sebastyan Şimanskinin ötürməsindən sonra İrfan Can Kahveci rəqib qapısına yol tapıb. Qonaqlar sərfəli hesabı sonadək qoruyub. "Qaziantep" - "Fənərbağça" 0:1. Bununla da, İstanbul klubu Super Liqada xal sayını 53-ə çatdıraraq ikinci pillədə olan "Qalatasaray"la fərqi bir qədər də çoxaldıb. İlk üçlüyü 37 xalla "Trabzonspor" tamamlayır. "Fənərbağça"nın rəqibi "Qaziantep" isə 21 xalla düşmə zonasının bir addımlığındadır.